Prezidentin köməkçisi: Düşmənin Ermənistan ərazisindən zərbələr endirməsinin nə məqsədə xidmət etdiyi bizə məlumdur
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanın döyüş meydanında qazandığı uğurların müqabilində Ermənistan bu cür təxribatlara əl atır. Dünən hər birimiz sevindik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz çətin dağlıq şəraitdə keçmiş adı Madagiz, hazırkı adı Suqovuşan olan ərazini azad etdi. Ermənistan qorxaqcasına belə addımlar atır. Ancaq Azərbaycan xalqı əmin olsun ki, düşmənin işğal olunmuş ərazilərdəki legitim hərbi hədəfləri sıradan çıxarılır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Ermənistan ərazisindən endirilən zərbələrlə bağlı Prezidentin köməkçisi qeyd edib ki, bu, təxribatdır və nə məqsədə xidmət etdiyi bizə məlumdur. Onlar bu gün xarici jurnalistləri toplayaraq guya Xankəndidə yanğınlar olması barədə yalan məlumat verirlər. Xankəndi ətrafında Tərtər şəhərini vurmaq üçün istifadə edilən “Smerç” sistemləri vardı, onlar sıradan çıxarılıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyan barədə erməni xalqına yalan məlumat verilir. O, ön cəbhədə deyil, qaçıb bunkerdə gizlənmişdi, amma yenə də qurtula bilmədi, ağır yaralanıb. Onun kimi hərbi cinayətkarlar, separatçıların da aqibəti eyni olacaq.