Prezidentin Macarıstana səfəri ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan ilə Macarıstan arasında strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, artım tendensiyasına rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin Macarıstana səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək istəyən Avropa ölkələrindəndir. Macarıstanın “MVM CEEEnergy” və Azərbaycanın SOCAR şirkətləri arasında bu il iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə, Macarıstan Azərbaycandan ildə 2 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan Qaz İnternkonnektoru (IGB) istifadəyə verildikdən sonra daha Avropanın beş ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yarada bilər.
“Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”, - deyə ekspert qeyd edib.