Professor Akif Qurbanov: Gələcəkdə mutant viruslar dominant törədiciyə çevriləcək
Bakı, 19 mart, AZƏRTAC
Hələ pandemiyanın əvvəllərindən yeni növ koronavirusun (COVID-19) mutasiyası haqqında xəbərlər yayılmağa başladı. Mutasiya hər hansı bir xüsusiyyətin genom əsasında, yəni genetik cəhətdən dəyişilməsidir. Genetik cəhətdən dəyişilmiş ştamm virusa yeni bir xüsusiyyət qazandırır. Bir neçə ay əvvəl Böyük Britaniyada SARS-CoV-2-nin mutant ştammının aşkarlanması xəbəri yayıldı və bununla bağlı güclü tədbirlər görülməsinə başlanıldı. Bundan bir qədər sonra isə Cənubi Afrikada təqribən eyni tipli mutasiya qeydə alındı. Təkcə SARS-CoV-2 yox, bütün koronaviruslar mutasiyaya meyillidirlər. Həmin mutasiyalar da gözlənilən hal idi. Mutasiyanın mahiyyəti nədən ibarətdir? Koronavirusun səthində çıxıntılar var, onlara tibbi dildə spayk protein və ya çıxıntı protein deyirlər. Həmin çıxıntılar vasitəsilə virus hüceyrələrimizlə birləşir. Yəni, həmin çıxıntılar bizim hüceyrələrimizdə olan xüsusi reseptorlarla yaxşı birləşdikdə virus daha təhlükəli olur. Virus da daimi çalışır ki, hüceyrələrimizlə daha yaxşı birləşsin. Ona görə də belə bir mutasiyalar baş verir. Nəticədə Britaniya ştammı, Cənubi Afrika növü dediyimiz virusların da səthində olan spayk proteinlərində baş vermiş dəyişiklik virusların hüceyrələrimizə daha yaxşı birləşməsinə səbəb oldu. Bu da həmin viruslara yoluxuculuq qabiliyyətinin artması kimi bir xüsusiyyət verdi. Onların digər xüsusiyyətlərində heç bir fərq aşkar edilmir. İstər törətdiyi xəstəliyin ağırlıq dərəcəsində, istər ölümcüllüyündə, istər digər xüsusiyyətlərdə ciddi bir fərq yoxdur. Ancaq yoluxmaq qabiliyyəti artıb. Bu, o deməkdir ki, həmin mutant viruslar gələcəkdə dominant törədiciyə çevriləcək. Yəni, bütün dünyada pandemiyanın törədicisi artıq bu mutant viruslar olacaq. Çünki onlar daha sürətlə yayılır.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında Tibbi Elmi Komitənin sədri, professor Akif Qurbanov deyib.
“Britaniya ştammının aşkarlanmasından bir neçə ay keçib və o, dünyanın 110-dan çox ölkəsində yayılıb. Mutant virusun ölkəmizə gəlməsi də istisna edilmirdi və bu, belə də oldu. Azərbaycanda da Britaniya ştammı aşkarlandı. Britaniya ştammından qorxmaq lazım deyil. Doğrudur, daha yoluxucu virusun gəldiyindən ehtiyat etməliyik. Burada törədici eyni virusdur - COVID-19-dur. Lakin yeni variantıdır və daha sürətlə yoluxmağa başlayacaq. Bunun qarşısını almaq üçün qorunma tədbirlərinə daha ciddi əməl etməliyik. Bunlar hər zaman deyilən qorunma tədbirləridir - maska, məsafə və gigiyena qaydaları. Sevindiricidir ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiyaya başlanılmasından iki ay keçib. Bildiyimiz kimi Azərbaycan vaksinasiyaya erkən başlayan ölkələrdəndir. Bu müddət ərzində təqribən yarım milyona qədər insan vaksinasiyadan keçib. Tam əminliklə deyə bilərik ki, Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini bizi mutant virusların törətdiyi xəstəliklərdən də müdafiə edəcək”, - deyə A.Qurbanov qeyd edib.