Professor: Azərbaycan Ordusu müasir hərb tarixində humanizm nümunəsi ortaya qoydu
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Ordusu döyüş meydanında təkcə gücünü deyil, yüksək mənəvi keyfiyyətlərini də nümayiş etdirib. Biz müharibəni beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparmışıq, mülki əhaliyə qarşı müharibə aparmamışıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktor vəzifəsini icra edən professor Səyyarə İbadullayeva deyib.
O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərin yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin və xalqının yüksək mənəvi dəyərlərinin, humanizm prinsiplərinin və beynəlxalq hüquqa hörmətinin təntənəsi kimi tarixə yazıldığını vurğulayıb. Professor hər il 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün ölkəmizdə böyük qürur hissi ilə qeyd olunduğunu söyləyib: “Bu əlamətdar tarix müstəqil dövlətimizin təhlükəsizliyinin, ərazi bütövlüyünün və suverenliyinin əsas təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət daşıyır”. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilib və Silahlı Qüvvələrimiz regionun ən güclü ordularından birinə çevrilib.
“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi, xalqımızın uzun illər həsrətlə gözlədiyi tarixi ədalət təmin olundu. Lakin bu Zəfərin əhəmiyyəti yalnız hərbi-siyasi nəticələrlə məhdudlaşmır. Azərbaycan Ordusu müharibə dövründə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl etməklə müasir hərb tarixində mühüm nümunə ortaya qoydu. Müharibə şəraitində belə mülki əhalinin hədəfə alınmaması, döyüş əməliyyatlarının yalnız hərbi obyektlərə qarşı aparılması, insan hüquq və azadlıqlarına hörmət göstərilməsi ordumuzun peşəkarlığının və yüksək mənəviyyatının göstəricisi idi. Azərbaycan əsgəri bütün dünyaya göstərdi ki, qalib olmaq yalnız döyüş meydanında üstünlük qazanmaq deyil, eyni zamanda, ən mürəkkəb şəraitdə belə insanlıq prinsiplərinə sadiq qalmaq deməkdir. Məhz buna görə də Vətən müharibəsində qazanılan Qələbə həm hərbi, həm siyasi, həm də mənəvi qələbə kimi qiymətləndirilir”, - deyə o vurğulayıb.
Professor bu qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini deyib: “Bu yaxınlarda oxuduğum “Naxçıvan – 100 ilin qəhrəmanları” kitabı mənim mənəvi yaddaşıma ömürlük həkk olunub. Nəşrdə 2020–2023-cü illərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın valideynlərinin övladları haqqında xatirələri toplanıb, hər bir şəhidin ömür yolu milli yaddaşımızın ayrılmaz hissəsi kimi təqdim olunub. Kitabda Prezident İlham Əliyevin Naxçıvanın qəhrəman övladları haqqında səsləndirdiyi fikir xüsusi əhəmiyyət daşıyır: “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar”. Bu fikir bütövlükdə Azərbaycanın qəhrəman oğullarına verilmiş yüksək qiymətdir. Çünki Vətən müharibəsində Azərbaycanın bütün bölgələrindən olan igidlər eyni amal uğrunda döyüşərək tarix yazmış, dövlətimizin ərazi bütövlüyünü və milli qürurunu bərpa ediblər”.
Professor yalnız hərbi qələbələrimizi deyil, həmin qələbələrin arxasında duran insan talelərini, şəhid ailələrinin fədakarlığını və milli yaddaşımızı yaşadan təşəbbüsləri də yüksək qiymətləndirməyin vacibliyini vurğulayıb: “Naxçıvan – 100 ilin qəhrəmanları” kimi nəşrlər şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və tariximizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan ziyalıları tərəfindən həyata keçirilən bu nümunəvi təşəbbüs ölkəmizin bütün bölgələrində davam etdirilməlidir. Hər rayonun, hər şəhərin, hər kəndin öz qəhrəmanlarının həyat yolunu əks etdirən kitabların, elektron məlumat bazalarının, sənədli layihələrin və xatirə toplularının hazırlanması milli yaddaşımızın qorunmasına mühüm töhfə verə bilər”.