Professor: Dünyanın üz-üzə qaldığı təhdidlərdən çıxış yolları bu Forumda tapılacaq
Bakı, 9 mart, AZƏRTAC
Bu gün Bakıda keçirilən və iki gün davam edəcək “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi müstəsna əhəmiyyət daşıyır. Forumun əhəmiyyətini bilməkdən ötrü, ilk növbədə, dünyada yaranmış şəraiti təhlil etmək lazımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Yaxın və Orta Şərqdə cərəyan edən proseslər, Rusiya-Ukrayna müharibəsi, bu müharibədə digər güclərin maraqları, Cənubi Qafqazda mürəkkəbliklər və digər məsələlərin fonunda Bakıda belə bir forumun keçirilməsi dünya işlərinin necə həll olunmasından ötrü yol göstərmək üçün faydalı olacaq.
Professorun sözlərinə görə, Forumun əhəmiyyətini 3 məsələ göstərir:
“İlk olaraq deyim ki, Forumda 61 ölkədən 360-a yaxın nümayəndənin iştirak etməsi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu Forumun dünyada əhəmiyyətinin artdığını göstərir. Forumda dörd prezidentin, iki baş nazirin, altı parlament sədri və nazirin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin, 23 ölkənin xarici işlər nazirləri müavinlərinin iştirak etməsi Bakının beynəlxalq mərkəzə çevrildiyini göstərir.
İkincisi, Forumda müzakirə edilən məsələlər dünyanın hansı problemlərlə üz-üzə qaldığını və onlardan çıxış yolu axtarılması barədə fikir mübadiləsinin edilməsi baxımından faydalı olacaq. Bu gün qlobal sülh məsələləri çox aktualdır, nüvə təhlükəsi var. Bununla yanaşı, dünyada qlobal yoxsulluq və qida təhlükəsizliyi problemləri hökm sürür. Bu problemlərin həlli təkcə bir ölkənin qayğısı deyil. Bu məsələləri gündəliyə gətirən, ona diqqəti yönəldən Azərbaycan Prezidenti İlham Əliyevdir. Ona görə də bu gün Bakı dünyada siyasi məsələlərin müzakirə edildiyi mərkəzə çevrilib. Dünyanın iqtisadi məsələləri əgər Davosda müzakirə olunursa, siyasi məsələləri Bakıda müzakirə olunur. Azərbaycanın belə bir mərkəzə çevrilməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Eyni zamanda, Azərbaycanın yol göstərməsi anlamına gəlir.
Üçüncü məsələ Forumda Prezident İlham Əliyevin nitqidir. Bu nitq dərindən təhlil edilməlidir. Həmin nitqdə dünyanın qlobal problemləri təhlil olunur və ondan çıxış yolları göstərilir. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, təkcə Azərbaycana münasibətdə deyil, dünyanın bütün ölkələrində olan münaqişələrə münasibətdə mövqe birmənalı olmalıdır. Ölkələrin ərazi bütövlüyü qorunmalıdır. Bütün münaqişələr dinc siyasi vasitələrlə həll olunmalıdır.
Hesab edirəm ki, dövlətimizin başçısının nitqi bir çox ölkələrin rəhbərləri və siyasi dairələri üçün örnək olmalıdır. Ona görə də Bakıda keçirilən X Qlobal Forumu müsbət qiymətləndirirəm. Əminəm ki, dünyanın üz-üzə qaldığı bir çox təhdidlərdən çıxış yolları bu Forumda tapılacaq”.