ELM VƏ TƏHSİL
Professor Sevinc Əliyeva: Musiqimiz bədii-estetik zövqün ifadəsi, milli ruhun təcəssümüdür
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan xalqına məxsus mədəni irsin mühüm hissəsini təşkil edən musiqimiz bədii-estetik zövqün ifadəsi, milli ruh və ideologiyanın təcəssümüdür. Zəngin tarixi ənənələrə malik musiqimiz Şərqdə operanın banisi Üzeyir Hacıbəylinin və ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın timsalında dünya mədəni irsinə bəxş edilən ən böyük xəzinədir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professoru Sevinc Əliyeva “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
Ulu Öndər Heydər Əliyevin “Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək” sitatını gətirən Sevinc Əliyeva xalqımızın milli sərvəti olan mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliği ilə bağlı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın uğurlu fəaliyyətlərini dövlətimizin Azərbaycan mədəniyyətinə verdiyi yüksək dəyərin ifadəsi olmaqla yanaşı, həm də ümumbəşəri məqsədlərə xidmət etdiyini vurğulayıb.
Bildirib ki, Mehriban Əliyevanın xüsusi səyi və təşəbbüsü nəticəsində muğam, aşıq sənəti və tar ifaçılıq sənətinin UNESCO-nun dünyəvi irs siyahısına daxil edilməsi isə dünyada Azərbaycan mədəniyyətinin özünəməxsus yerinin bariz sübutu kimi səciyyələndirilib.