Professor Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub
Naxçıvan, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Tofiq Əliyevin 70 illik yubileyi qeyd olunub.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yubiley tədbirində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.
Akademik muxtar respublikada elm xadimlərinə göstərilən diqqət və qayğıdan söz açaraq bildirib ki, əlamətdar günlərin, yubiley tədbirlərinin keçirilməsi alimlərimizin fəaliyyətinə verilən dəyər olmaqla yanaşı, həm də gənc tədqiqatçılar üçün stimulverici addımdır.
Bölmə sədri çıxışında professorun elmi fəaliyyətinə qısa nəzər salıb. Vurğulayıb ki, Tofiq Əliyev Azərbaycan kimya elminin inkişafına dəyərli töhfələr verən, yeni nəsil kimyaçıların formalaşmasında xüsusi xidmətləri olan alimlərdəndir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də AMEA Naxçıvan Bölməsində işlədiyi dövrdə o, əsl tədqiqatçı, savadlı müəllim və geniş dünyagörüşünə malik ziyalı kimi tanınıb. Tofiq Əliyevin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən "Tərəqqi” medalı ilə təltif olunub.
Sonra akademik çoxillik səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibəti ilə yubilyara AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanını təqdim edib.
Tədbirdə bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyevin həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə bildirilib ki, 1951-ci il mart ayının 25-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində dünyaya göz açan professor məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub, 1973-cü ildə ali təhsilini başa vurduqdan sonra təyinatı üzrə bir il Saatlı rayonunda müəllim işləyib. 1974-cü ildən taleyini Naxçıvan Dövlət Universiteti ilə bağlayan alim burada baş laborant, assistent, müəllim, baş müəllim, dosent, dekan müavini, kafedra müdiri vəzifələrində çalışıb. O, 2019-cu ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
Alimin elmi və pedaqoji fəaliyyətini əlaqələndirmə bacarığından söz açan dosent Əhməd Qarayev diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin tarixində ilk dəfə eksperimental xarakterli tədqiqat işlərinin aparılması məhz Tofiq Əliyevin adı ilə bağlıdır. Onun apardığı tədqiqat işlərinin əsas hissəsi böyük elmi-praktiki əhəmiyyət kəsb edən bir məsələyə - neft və qaz sənayesində istismar olunan polad avadanlıqların korroziya, abraziv və mikrobioloji dağılmadan mühafizəsi məsələlərinə həsr olunub. Alim 1988-ci ildə “İkifazalı karbohidrogen - elektrolit sistemlərində fenolun bəzi törəmələri vasitəsilə poladın korroziyadan inhibitorlaşdırılması prosesinin fiziki-kimyəvi öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası, 2011-ci ildə isə “Fenollar, merkaptosirkə və ksantogenat turşularının bəzi funksional törəmələrinin inhibitor təsirinin fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1991-ci ildə dosent, 2017-ci ildə isə professor elmi adı alıb, AMEA-nın müxbir üzvü seçilib.
Tofiq Əliyevin apardığı tədqiqatlar 5 kitab, 1 dərs proqramı, 2 patent, çoxsaylı məqalə və tezislər olmaqla, 150-dən artıq elmi əsərdə öz əksini tapıb. 2008-ci ildə NDU-da “İlin alimi” fəxri adına layiq görülüb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Tofiq Əliyevin ali təhsil ocağında göstərdiyi səmərəli fəaliyyətindən, bu ali təhsil müəssisəsinin gələcək inkişafına yönəlmiş uğurlu addımlarından danışıb. Rektor Naxçıvan Dövlət Universitetinin Fəxri fərmanını yubilyara təqdim edib.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika elmləri doktoru, professor İsmayıl Əliyev, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru Şəmil Mahmudov çıxış edərək yubilyara xoş arzularını çatdırıblar.
Tofiq Əliyev əməyinə verilən yüksək dəyərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, gələcək fəaliyyətində də bu diqqət və qayğıya layiq olmağa çalışacağını qeyd edib.
Sonda professor Tofiq Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ömür qatarı” filmi nümayış olunub.