Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq Baş Prokurorluq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələrini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə qeyd edilməlidir ki, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV monitorinq mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Xüsusilə monitorinqlər çərçivəsində milli qanunvericiliyin, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.
Uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin ekspertlərindən ibarət nümayəndə heyətinin cari il aprelin 17-21-də Bakı şəhərinə səfəri başlayıb.
Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator - Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib. Baş prokuror korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb. Habelə, hazırkı dəyərləndirmənin milli qanunvericiliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Bundan sonra OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin sədri Draqo Kos və Ekspertlər Qrupunun rəhbəri Jolita Vasiliaskuayte şəbəkənin hazırkı fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən antikorrupsiya islahatları, hazırkı dövrədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bölüşüb, daha sonra ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.
Hazırda ölkəmizin OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi tərəfindən V raund qiymətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.