PUŞKİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rus poeziyasının həvəskarları bu il də şairin anadan olmasının 205-ci ildönümünü onun abidəsi önündə qeyd etmişlər. “Sodrujestvo” cəmiyyətinin sədri Tatyana Kərimova A.Puşkinin xatirəsinin yad olunması ilə bağlı Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi ilə birgə görülən işlər barədə məlumat vermişdir.
Rusiya səfirinin xanımı Tatyana Ryabova, səfirliyin məsləhətçisi Vladimir Jitnikov Puşkinə böyük sevgi və məhəbbət bəslənildiyinə, ehtiram göstərildiyinə görə səfirlik adından Azərbaycan dövləti və xalqına dərin minnətdarlıqlarını bildirmişlər.
Bakı Slavyan Universitetinin dosenti Qalina Şipulina Puşkinin şerlərindən parçalar oxumuşdur.
Tədbirdə Bakıdakı 145 nömrəli orta məktəbin şagirdlərinin ifasında böyük şairin uşaqlara həsr etdiyi şerləri və nağılları səslənmişdir.
Məktəblilər “Sodrujestvo” cəmiyyətinin Fəxri fərmanını almışlar. Rusiya səfirliyi “A.S.Puşkin Ensiklopediyası”nı onlara hədiyyə etmişdir.