QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏR ONLARA GÖSTƏRİLƏN DİQQƏT VƏ QAYĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR
Dövlət Proqramının qaçqın və məcburi köçkünlərin problemlərini kompleks şəkildə həll etməyə və onlara göstərilən diqqət və qayğını daha da artırmağa tam şərait yaratdığını bildirən Əli Həsənov, sənədin ayrı-ayrı bəndlərindən irəli gələn məsələləri şərh etmişdir.
Baş nazirin müavini demişdir ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini diqqətində saxlamaqla bir daha təsdiq etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirir. Bu sənəddən irəli gələn işlər nəticəsində 3680 ailənin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda texniki infrastruktur yenidən qurulacaq, bu qəbildən olan insanların müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılması hallarına son qoyulacaq və onlara göstərilən dövlət qayğısı artırılacaqdır.
Natiq əminliklə bildirmişdir ki, özəl ali və orta ixtisas məktəblərinin sahibləri sənəddəki tövsiyəyə uyğun olaraq, qaçqın və məcburi köçkün uşaqlarının normal təhsil almasına şərait yaradacaq, bu işə diqqətlə yanaşacaqlar.