Qadın futbolçular arasında dünya çempionatının yarımfinalçıları müəyyənləşib
Bakı, 1 iyul, AZƏRTAC
Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının yarımfinalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, dörddəbir final mərhələsinin ötən gün keçirilən son iki oyununda Hollandiya yığması İtaliyanı (2:0), İsveç millisi isə Almaniyanı (2:1) məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin ediblər. Dörddəbir finalın digər qarşılaşmalarında isə İngiltərə yığması Norveçdən (3:0), ABŞ seçməsi isə ev sahibi Fransadan (2:1) üstün olub.
Beləliklə, çempionatın yarımfinal mərhələsində İngiltərə-ABŞ və Hollandiya-İsveç görüşləri oynanılacaq. Yarımfinal qarşılaşmaları müvafiq olaraq iyulun 2-də və 3-də təşkil ediləcək. Çempionatda üçüncü yer uğrunda görüş iyulun 6-da, final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.
Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb.
Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniyanı minimal hesabla məğlubiyyətə uğradıb.
Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.