“Qafqaz kəsilişi” layihəsi çərçivəsində görülmüş işlərlə bağlı müzakirələr aparılıb
Bakı, 24 noyabr, AZƏRTAC
ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol Azərbaycanda səfərdədir. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi üzrə aparılan birgə tədqiqat işləri ilə bağlıdır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 24-də amerikalı seysmoloq RSXM-nin Monitorinq Mərkəzində olub. Erik Sandvol RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüb. Görüşdə “Qafqaz kəsilişi” layihəsi çərçivəsində bu vaxta qədər aparılmış işlər və qarşıda duran vəzifələrlə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə RSXM-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov da iştirak edib. Həmçinin amerikalı seysmoloq səfəri çərçivəsində Zəlzələlərin tədqiqat bürosunun və zəlzələ ocaqlarının dinamikası şöbəsinin əməkdaşları üçün treninq keçib.
Qeyd edək ki, E.Sandvol “Qafqaz kəsilişi” layihəsinin həyata keçirildiyi İsmayıllı, Ağcabədi, Füzuli (Alxanlı kəndi), Ucar və Hacıqabul rayonlarına da səfər edəcək. Erik Sandvolun səfəri noyabrın 27-ə qədər davam edəcək.