Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 13 santimetr artıb
Bakı, 6 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr olmaqla ongünlük normanın 95 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 200 kubmetr təşkil etməklə ongünlük normanın 107 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 56 kubmetr olmaqla ongünlük normanın 66 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 130 kubmetr təşkil edərək ongünlük normanın 154 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 16, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 316 (2016-cı il noyabrın 6-da 528 sm), Şirvanda 187, Salyanda 151 (2016-cı il noyabrın 6-da 402 sm), Bankədə 167 (2016-cı il noyabrın 6-da 277 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetr (2016-cı il noyabrın 6-da 240 sm) təşkil edir.