Qanunsuz balıq ovuna qarşı mübarizə üzrə dünyada ilk saziş qüvvəyə minib
Bakı, 7 iyun, AZƏRTAC
Qanunsuz balıq ovunun kökünün kəsilməsinə yönəlmiş beynəlxalq saziş qüvvəyə minib. Bu saziş 29 ölkə və bir regional təşkilat üçün məcburi sənəddir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, qanunsuz, sənədləşdirilməmiş və tənzimlənməyən balıq ovunun qarşısının alınması, belə hərəkətlərdən çəkinmək və onlara son qoymaq barədə saziş çoxillik diplomatik səylərdən sonra 2009-cu ildə FAO-nun himayəsi altında qəbul edilib. Bu, qanunsuz balıq ovuna qarşı mübarizəyə yönəlmiş ilk məcburi beynəlxalq hüquqi sənəddir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qratsianu da Silva deyib: “Bu gün bütün dünyada balıq ovunun sabitliyinin və qanuniliyinin təmin edilməsi üçün daim səy göstərən bütün insanların həyatında əlamətdar gündür”.
FAO-nun baş direktoru bu sazişi hələlik imzalamamış bütün ölkələri qanunsuz balıq ovunun kökünün kəsilməsinə yönəlmiş kollektiv səylərə qoşulmağa və okean resurslarının müdafiəsini təmin etməyə çağırıb.
Bu günə qədər Avstraliya, Barbados, Vanuatu, Qabon, Qayana, Qvineya, Dominikan, Avropa İttifaqı (üzv təşkilat kimi), İslandiya, Kosta-Rika, Kuba, Mavrikiya, Mozambik, Myanma, Yeni Zelandiya, Norveç, Oman, Palau, Koreya Respublikası, Seyşel adaları, Sent-Kits və Nevis, Amerika Birləşmiş Ştatları, Somali, Sudan, Tailand, Tonqa, Uruqvay, Çili, Şri-Lanka və Cənubi Afrika Respublikası yeni sazişə qoşulublar. Onlar qanunsuz ov hallarının aşkar edilməsi, qanunsuz ovlanılmış balığın boşaldılmasının və bazarlara çatdırılmasının qarşısını almaq, habelə qaydaları pozan gəmilər barədə açıq informasiya mübadiləsi məqsədi ilə özlərinin nəzarətində olan limanlarda bir sıra tədbirlər görməlidirlər.