QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILMIŞ KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ YANDIRILARAQ MƏHV EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Bakı Neft Mədən Maşınqayırma Zavodunda narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları məhv edilmişdir.
Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının il ərzində müsadirə etdiyi, eləcə də artıq cinayət işləri bağlanmış və müvafiq işlər üzrə məhkəmə hökmləri çıxarılmış bu vasitələrin ümumi çəkisi 700 kiloqrama yaxın olmuşdur.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası narkotik vasitələri yandırmazdan əvvəl qeydiyyata almışdır. Məhv edilən 700 kiloqrama yaxın narkotik vasitələrin 353 kiloqramı 17 cinayət üzrə Milli Təhlükəsizlik Nazirliyi, 266 kiloqramı 156 cinayət üzrə Daxili İşlər Nazirliyi, 14 kiloqramı 4 cinayət üzrə Dövlət Sərhəd Xidməti, 42 kiloqramı isə 7 cinayət işi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilmişdir.