CƏMİYYƏT
Qanunsuz qum-çınqıl hasilatı aparan şirkətlərlə bağlı cinayət işi başlanılıb - SİYAHI

Bakı, 21 noyabr, AZƏRTAC
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı Qazax rayonu ərazisindəki “Daş Salahlı” əhəngdaşı yatağında “Arzulu” firması, “Müstəqil Bənna” kiçik müəssisəsi və “Aysel-Asiman” MMC tərəfindən, “Coğazçay” qum-çınqıl yatağında “Coğaz” MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən “Əmirvar” mərmərləşmiş əhəngdaşı yatağında isə “Qoşqar-Mədən” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.