QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ENERJİ ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) enerji üzrə işçi qrupunun Bakıda keçirilən iclası fevralın 15-də öz işini başa çatdırmışdır. 11 üzv dövlətin işçi qruplarının, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirlərinin, beynəlxalq təşkilatların, maliyyə qurumlarının, əcnəbi və yerli şirkətlərin təmsilçilərinin, iş adamlarının, respublikamızın əlaqədar nazirlik və komitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin ikinci iş günündə QİƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının ötən ilin aprelində Yunanıstanda keçirilmiş 12-ci iclasında qəbul edilmiş bəyannamənin icrası, energetika, neft və qaz sahələri üzrə birgə layihələrin işlənib hazırlanması, həyata keçirilməsi, inkişaf perspektivləri barədə məruzələr dinlənilmiş, vahid təhlükəsiz enerji siyasətinin, QİƏT-lə Avropa İttifaqı arasında iqtisadi münasibətlərin bu günü və gələcəyi, birgə əməkdaşlığın genişləndirilməsi sahəsində qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılmış, iki və çoxtərəfli görüşlər keçirilmişdir.
İclasın iştirakçıları ölkəmizdə həyata keçirilən enerji layihələri ilə daha yaxından tanış olmaq üçün dünyanın ən böyük neft terminallarından olan Səngəçala getmiş, Xəzərin Azərbaycan sektorunda həyata keçirilən enerji layihələrinin mərkəzləşdiyi bu nəhəng obyektin texniki imkanları ilə yaxından tanış olmuşlar.
Qonaqlar Bakının görməli yerlərini gəzmiş, tarixi mədəniyyət abidələrinə baxmışlar.