“Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika konfransı işə başlayıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika elmi-praktik konfransı işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn keçirilən konfransı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, qəhrəman əsgərlərimizin 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbədən, torpaqlarımızın 30 illik işğaldan azad olunmasından və bundan sonra görüləcək işlərdən danışıb. Rektor vurğulayıb ki, işğaldan azad olunan ərazilərimizdə dağıdılmış mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimləri yaxından iştirak etməli, böyük quruculuq layihələrinə öz töhfələrini verməlidirlər.
Gülçöhrə Məmmədova konfransda Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis-kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri, onların həlli yolları və s. məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev və digər çıxış edənlər konfransın işinə uğurlar arzulayıblar.
Konfransın plenar iclasında AzMİU-nun ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevin “Qarabağın davamlı inkişafı: enerjiyə qənaət, bərpaolunan enerji mənbələri, ağıllı şəhər, yaşıl kəndlər” mövzusunda məruzəsi dinlənilib.
Konfrans işini bölmələr üzrə davam etdirib. Tədbirə ümumilikdə 300-ə yaxın iştirakçı qatılıb.