QARAÇAY-ÇƏRKƏZ PREZİDENTİNİN KÜRƏKƏNİ YAXALANDI
AZƏRTAC-ın xəbər verdiyi kimi, oktyabrın 11-nə keçən gecə Qaraçay-Çərkəzdə yeddi nəfər – respublika parlamentinin deputatı Rəsul Boqatıryov və onun altı dostu yoxa çıxmışdır. Onların qohumları deyirdilər ki, cavanlar Qaraçay-Çərkəz Prezidentinin kürəkəni Əli Kaitovun bağ evinə getmiş və sonra yarım saat ərzində buradan atəş səsləri gəlmişdir.
Rusiya Baş Prokurorluğunun Şimali Qafqaz üzrə İdarəsinin məlumatına görə, “Qafqazsement” açıq səhmdar cəmiyyəti direktorlar şurasının sədri Ə.Kaitov Qaraçay-Çərkəz Ali Məhkəməsi məhkəmə kollegiyasının qərardadına uyğun olaraq, oktyabrın 25-də həbsə alınmışdır. Sənəddə deyilir ki, oktyabrın 23-də respublika Ali Məhkəməsinin məhkəmə kollegiyası QÇR Milli Məclisinin deputatı Kaitovun hərəkətlərində cinayət əməlləri olduğu barədə rəy vermişdir.
Prokurorluq Çerkesskdə yeddi nəfərin yoxa çıxması təfsilatının təhqiqi zamanı Qaraçay-Çərkəz DİN əməkdaşlarının səhlənkarlığı faktı üzrə cinayət işi qaldırmışdır. Qaraçay-Çərkəz Prokurorluğunun məlumatında bildirilir ki, “QÇR DİN əməkdaşlarının öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibəti nəticəsində xüsusilə ağır cinayətin üstü vaxtında açılmamışdır”.