QARIŞQADAN FİL DÜZƏLTMƏYƏ CƏHD EDƏNLƏRİN AQİBƏTİ SUDA BOĞULANIN SAMAN ÇÖPÜNDƏN YAPIŞMASINA BƏNZƏYİR
Assosiasiyanın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş bəyanatda deyilir ki, artıq bir neçə gündür ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri “Mitofsky İnternational”/“Edison Media Research” təşkilatının rəhbəri Uorren Mitofskinin Azərbaycanda 6 noyabr parlament seçkilərində keçirdiyi “exit-poll”un (çıxışda sorğu) nəticələri ilə bağlı həmin qurumun veb-saytında yerləşdirilmiş rəyinə “istinadən” ölkə ictimaiyyətini çaşdıran yazılar dərc edir. Həmin yazılarda cənab Mitofskinin rəyi ilə sorğunun nəticələri arasında guya bir sıra ziddiyyətlərin olması barədə fərziyyələr uydurulur.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbərliyi bəyan edir ki, Uorren Mitofski sosiologiya sahəsinin görkəmli mütəxəssis və təcrübəli diplomatdır. Hamı kimi, o da öz şəxsi fikrini, o cümlədən Azərbaycanda keçirilmiş seçkilərlə bağlı şəxsi rəyini ifadə etmək hüququna malikdir. Məlumdur ki, “Mitofsky International”/“Edison Media Research” təşkilatı noyabrın 6-da keçirilmiş parlament seçkiləri zamanı “exit-poll” aparmış və onun nəticələrini noyabrın 11-də hamının tanış ola biləcəyi öz internet saytında yerləşdirmişdir və həmin nəticələr indiyədək saytdan çıxarılmamışdır. Həmin şərhə görə Yeni Azərbaycan Partiyası parlamentdə 56 deputat yeri qazanmışdır.
Göründüyü kimi, “Mitofsky International”/“Edison Media Research” keçirdiyi sorğunun nəticələri ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair məlumatları ziddiyyət təşkil etmir. Çünki rəqəmlər arasındakı fərq isə çox cüzidir. Misal üçün, MSK-nın nəticələrinə görə, Yeni Azərbaycan Partiyası parlamentdə 58 deputat yeri qazanmışdır, yəni cənab Mitofskinin missiyası tərəfindən qeyd olunmuş rəqəmdən 2 yer çox. Bu fərq mümkündür və təbii ki, MSK-nın qərarı hüquqi qüvvəyə malikdir, “exit-poll”un nəticələri isə ictimai rəy üçün nəzərdə tutulduğundan, onun hüquqi cəhətdən qiymətləndirilməsi düzgün deyildir.
Bəyanatda daha sonra deyilir ki, Uorren Mitofski tərəfindən aparılmış “exit-poll”un nəticələri ilk növbədə, ona görə təqdirəlayiqdir ki, bu sorğunun yekunları yerli müşahidəçilərin müdaxiləsi olmadan Vaşinqtondakı mərkəzi serverə ötürülüb və qəbul olunan informasiyanın yenidən işlənməsi əsasında alınan nəticələr əsas hesab olunaraq, elan edilib. Buna görə də müəyyən ziddiyyətlərin olması ilə bağlı butun qeydlər, irad və təkliflər informasiyanın işlənməsi ilə məşğul olan şəxslərə ünvanlanmalıdır.
Hesab edirik ki, yuxarıda qeyd olunanlar parlament seçkiləri zamanı cənab Mitofski tərəfindən aparılmış “exit-poll”un nəticələrinin hansı üsullarla əldə olunması haqqında fikir yürütməyə əsas verir. Ona görə də biz əminliklə bəyan edirik ki, Uorren Mitofskinin rəyi ilə “exit-poll”un nəticələrinə dair internet saytında yerləşdirilmiş hesabat arasında ziddiyyət axtarmaq cəhdləri əsassızdır. Həmin cəhdlər daha çox suda boğulan şəxsin saman çöpündən yapışmasını xatırladır ki, bu da həmişə acınacaqlı nəticə ilə yekunlaşır.