QAXDA AVTOMOBİL VƏ DƏMİR YOLLARINDA NƏQLİYYATIN HƏRƏKƏTİ BƏRPA OLUNMUŞDUR
Bakı, 31 may (AZƏRTAC). Mayın 30-da yağan leysan yağışları Qapıçay çayında suyun səviyyəsinin artmasına səbəb olmuşdur. Nəticədə Qax rayonunun Marsan kəndinin ərazisini, Bakı-Balakən avtomobil yolunun və Yevlax-Balakən dəmiryolu xəttinin Marsan kəndindən keçən hissəsini, eləcə də 125 fərdi evin zirzəmisini və həyətyanı sahəsini su basmış, bəzi həyətlərin hasarları aşmış, 17 baş mal-qara, 300-dən artıq ev quşu və 70-dən çox arı pətəyini sel aparmışdır.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, hadisə yerinə cəlb edilmiş nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həmin ərazilərin sel sularından təmizlənməsini təmin etmiş, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hazırda avtomobil və dəmir yollarında nəqliyyatın hərəkəti bərpa olunmuşdur.