Qaxda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb





Qax, 28 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə aprelin 28-də Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda səsləndirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirin əvvəlində Zərifə Əliyevaya həsr olunan film nümayiş etdirilib.
Konfransda Qax Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova çıxış edərək, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb.
Sonra YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev və başqaları çıxış edərək, akademik Zərifə Əliyevanın tibb elminin inkişafındakı xidmətlərindən, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən danışıblar.