Qaxın kitabxana işçiləri şəhid ailəsinə baş çəkiblər
Qax, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi kitabxananın əməkdaşları Novruz bayramı ərəfəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İsrafilov Abdulla Yadigaroviçin ailəsini ziyarət ediblər.
Kitabxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə şəhidin anası Tamara xanım və bacısı Sima həyatının 24-cü ilində əbədiyyətə qovuşan Abdullanın ömür yolundan, vətənpərvərliyindən, Vətən sevgisindən, kəşfiyyatçı olaraq döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan ətraflı söz açıblar. Bildirilib ki, Abdulla İsrafilov sentyabrın 30-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.
Görüşdə iştirak edən MKS-nin direktoru Güllü Əhmədova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. Vurğulanıb ki, zaman keçəcək, bütün şəhidlərimiz haqqında kitablar yazılacaq, heykəllər qoyulacaq, bulaqlar çəkiləcək, adlarına küçələr, parklar salınacaq. Şəhidlərimizin, qazilərimizin, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən həmvətənlərimizin rəşadəti, şücaəti müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi, heç zaman unudulmayacaq, gələcək nəsillər üçün örnək olacaq.