Qaxlı gənclər sakinləri karantin rejiminin tələblərinə ciddi riayət etməyə səsləyirlər
Qax, 2 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra Hakimiyyətinin və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri əhalini maarifləndirmək üçün təbliğat xarakterli müxtəlif sosial layihələr həyata keçirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, könüllülər Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tapşırıqlarını, xüsusi karantin rejiminin qaydalarını bir daha sakinlərin diqqətinə çatdırmaq üçün küçə və səkilərin kənarlarında, apteklərin, fəaliyyətinə icazə verilmiş obyektlərin girişində məlumatlandırma xarakterli elanlar yerləşdiriblər.
Könüllülər hər kəsi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etməyə, evdə qalmağa, zərurət yaranmadığı halda evdən çıxmamağa səsləyiblər.