Qazaxda tələbələr arasında bilik yarışı təşkil olunub





Qazax, 22 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbələr arasında bilik yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 6 komanda, hər komandada 4 iştirakçı olmaqla, 5 mərhələ üzrə mübarizə aparıb.
Birincilik uğrunda mübarizə aparan tələbələrə Azərbaycanın Konstitusiyası, müasir Azərbaycanın hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz, dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə təsis edilmiş şəhər günləri haqqında müxtəlif mövzularda suallar ünvanlanıb.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin “Turan” komandası daha çox suala düzgün cavab verməklə 1-ci yerə layiq görülüb və mükafatlandırılıb. Bütün komandalara və üzvlərinə fəxri fərman və hədiyyələr təqdim olunub.