QAZAXISTAN İLİN SONUNADƏK KOSMİK DÖVLƏT OLACAQ
Baş nazir demişdir ki, ölkənin ilk “QazSat” peykinin yaradılması istiqamətində aparılan işlər sona yetməkdədir. Hesab edirik ki, peyk ilin sonunda buraxılacaq, gələn il martın ortalarında isə fəaliyyətə başlayacaqdır. Əminik ki, peykin buraxılışına çəkilən xərclər özünü doğruldacaqdır, çünki dövlət peyk sistemlərinin icarəsinə hər il 27 milyon dollar xərcləyir.
Xatırladaq ki, oktyabrda Prezident Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının hökuməti ilə Rusiya Federasiyasının hökuməti arasında Qazaxıstanın “QazSat” rabitə və yayım peykinin yaradılması üzrə əməkdaşlıq haqqında” qanun imzalamışdır. Qazaxıstanın öz peykini yaratması və kosmosa çıxarması ona informasiya müstəqilliyini təmin etməyə və vahid informasiya məkanını formalaşdırmağa imkan verəcəkdir. Təxminən 1000 kiloqram ağırlığında olan milli peykin fəal iş müddəti 12-15 ildir. Layihənin dəyəri 65 milyon dollardır. Peyk Rusiyanın Xruniçev adına Dövlət Kosmik Elm-İstehsalat Mərkəzində hazırlanır.