Qazaxıstan paytaxtının Baş planı təsdiq edilib
Bakı, 17 yanvar, AZƏRTAC
Qazaxıstan Respublikasının hökuməti paytaxtın mənzil-kommunal təsərrüfatının, nəqliyyat və enerji infrastrukturunun gələcək inkişafı istiqamətində addımları əks etdirən Astananın 2035-ci ilə qədər Baş planını təsdiq edib. AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Baş naziri Əlixan Smailov müvafiq qərarı imzalayıb.
Dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanmış Astananın əsas şəhərsalma sənədi geniş ictimai müzakirələrdən keçib. Bu planda əhalinin dinamik artımı və şəhərin sürətli inkişafı nəzərə alınıb. Bu gün Astananın əhalisinin sayı təxminən 1,2 milyon nəfərdirsə, 2035-ci ildə qədər bu rəqəmin 2,3 milyon nəfərə çatacağı gözlənilir.
Baş planda 164 məktəb, 178 uşaq bağçası və 93 səhiyyə müəssisəsinin tikintisi nəzərdə tutulub. 2029-cu ilə qədər 15 müasir təhsil kompleksi də tikiləcək. Bütün bunlar yerli büdcə və özəl investisiyalar hesabına həyata keçiriləcək.
Astananın mənzil fondunun 68,2 milyon kvadratmetrə, yol şəbəkəsinin hər 1000 kilometrə uzunluğunun isə 2,5 min kilometrə çatdırılması nəzərdə tutulur. Alternativ ictimai nəqliyyat növlərinin inkişaf etdirilməsi, magistral yollarda, xüsusən də Yeşil bölgəsində sıxlığın aradan qaldırılması üçün beş böyük körpünün tikintisi də planlaşdırılır.
Su probleminin həlli üçün İrtış-Karaqanda kanalından çəkilmiş su kəməri ilə sutkada 210 min kubmetr həcmində 4 nömrəli nasos-süzgəc stansiyası tikiləcək. Eyni zamanda, texniki su təchizatı üçün istehsal gücü sutkada 160 min kubmetrə qədər olan Telmana nasos stansiyasının genişləndirilməsi nəzərdə tutulur. İstilik və elektrik enerjisi problemlərinin həlli üçün 14 yarımstansiyanın istismara verilməsi, qaz təchizatının yaxşılaşdırılması, yaşıl zonaların genişləndirilməsi də Baş plana daxil edilib.
2025-ci ilə qədər Baş planın həyata keçirilməsinə bütün mənbələrdən ayrılan investisiyanın həcmi 6,3 trilyon tenge təşkil edəcək. Bunun 4,3 trilyon tengesi mənzil tikintisinə, 700 milyard tengesi infrastruktur layihələrinə yönəldilib.