Qazaxıstanda narkotik əleyhinə ilk tematik qatar işə salınıb
Astana, 13 avqust, AZƏRTAC
Qazaxıstanın narkotik əleyhinə ilk tematik qatarı Astanada işə salınıb. Qatar hər gün Astana ilə Burabay arasında hərəkət edəcək.
AZƏRTAC Astana şəhər administrasiyasının rəsmi saytına istinadla xəbər verir ki, qatarın vaqonlarında insanları narkotikdən imtina etməyə, qanuna tabe olmağa və sağlam həyat tərzi sürməyə təşviq edən narkotik əleyhinə materiallar qoyulub.
Xəttə buraxılma mərasimi avqustun 12-də “Nurlı yol” dəmir yolu stansiyasında baş tutub. Sərnişinlərə yardım xətti nömrələri və kömək istəyə biləcəkləri xidmətlərin əlaqə məlumatları olan çap materialları paylanıb.
Mərasimdə, həmçinin narkotik istifadəsinin fəsadları haqqında rəsm sərgisi, konsert və interaktiv profilaktika tədbirləri təşkil olunub.
Kinoloq xidməti əməkdaşları xidmət itlərinin işini nümayiş etdiriblər. Tədbirdə robot polis iti də iştirak edib.