Qazaxıstanın aparıcı turizm şirkətlərinin nümayəndələri Bakıda görüş keçirib
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də “Boulevard hotel” mehmanxanasında Qazaxıstanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin turizm potensialını əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə nazirliyinin Turizm şöbəsinin əməkdaşları ilə yanaşı, “AGT”, “Rantour”, “Geo-travel”, “Regea travel”, “Turizm.az”, “Atlas travel”, “Gilan Tourism”, “Victory tour”, “Granit AS”, “The Tour” və “Flame travel” turizm şirkətlərinin nümayəndələri də iştirak edib. Tədbirdə qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılmaqla yanaşı, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
İyunun 11-dək davam edəcək səfər çərçivəsində qonaqlar paytaxt Bakı, Qəbələ, Naftalan, Gəncə və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər ölkəmizə turistlərin cəlb olunması, həmçinin, Qazaxıstanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədi daşıyır.