“QAZPROM ”-- TÜRKİYƏ DANIŞIQLARI NƏTİCƏSİZ QALDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Mavi axın” boru kəmərilə qaz göndərilməsinə dair fikir ayrılıqlarının nizama salınması üçün Ankarada Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin başçısı Aleksey Millerlə Türkiyənin energetika naziri Hilmi Gülər arasında danışıqlar aparılmışdır. Lakin onlar qarşılıqlı məqbul qərar qəbul edilməsinə müvəffəq olmamışlar. Türkiyə müqavilə ilə alınan qazın həcminin və qiymətinin aşağı salınmasında israrlıdır, “Qazprom” isə 2003-cü ildə Türkiyəyə göndərilmək üçün əvvəlcədən razılaşdırılmış 0,8 milyard kubmetr qazın haqqının ödənilməsini tələb edir. Xatırladaq ki, aprel ayında türklər “Mavi axın” xəttindən qaz qəbul edilməsini dayandırmış və bunu qazın qiymətinin yüksək olması ilə əsaslandırmışlar. İyun ayında “Qazprom”la Türkiyənin “BOTAŞ” boru kəməri şirkəti arasında məsləhətləşmələrin ilk iki mərhələsi gedişində Rusiya tərəfi güzəştə getmişdir. Ankaraya, məsələn, “Mavi axın” xətti ilə alınan qazın satışından əldə edilən vəsaitin bir hissəsini Türkiyənin yanacaq infrastrukturunun inkişafına ayrılması variantı təklif olunmuşdur. Lakin Türkiyə daha böyük güzəşt edilməsinə çalışır, çünki 5 il müddətinə 3,5 milyard kubmetr qaz almağı öhdəsinə götürmüşdür.