DÜNYA
“QAZPROM” XƏZƏRİN TÜRKMƏNİSTAN SEKTORUNDAKI YATAQLARIN MƏNİMSƏNİLMƏSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Xəzər dənizinin Türkmənistan sektorunda neft-qaz yataqlarının mənimsənilməsində iştirak edəcəkdir. Bununla bağlı Aşqabadda Türkmənistan prezidenti Saparmurat Niyazov və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller arasında razılıq əldə olunmuşdur.
Söhbətdə ötən il Rusiya ilə Türkmənistan arasında qaz sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişin yerinə yetirilməsi müzakirə edilmişdir. A.Miller qeyd etmişdir ki, 2005-2206-cı illərdə “Qazprom” Türkmənistandan 25-30, 2007-2008-ci illərdə 60-70, 2009-cu ildən sonra isə 70-90 milyard kubmetr qaz alacaqdır.
Görüşdə Türkmənistan qazının göndərildiyi Orta Asiya– Mərkəz qaz kəmərinin modernləşdirilməsi, kəmərin gücünün artırılması haqqında da söhbət getmişdir.