Qəbələ Arxeoloji Mərkəzi ukraynalı uşaqlarda Azərbaycan tarix və mədəniyyətinə maraq yaradıb
Qəbələ, 11 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən ukraynalı uşaqların növbəti qrupu Qəbələ Arxeoloji Mərkəzində Azərbaycan tarixinə dair geniş məlumat əldə ediblər .
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ukraynalı qonaqları Qəbələ Arxeoloji Mərkəzinin qarşısında Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və kollektiv üzvləri qarşılayıb.
Qonaqlara qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi, maddi və mədəniyyət nümunələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında tədqiq edildikdən sonra sərgi salonunda nümayiş olunur.
Daha sonra ukraynalı qonaqlara Qəbələ Arxeoloji Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə təşkil olunub. 2014-cü il sentyabrın 22-də Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib. Mərkəzdə sərgi salonu (muzey), bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və s. mövcuddur. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun işçiləri üçün müasir tələblərə cavab verən iş otaqları yaradılıb. Mərkəzdə beynəlxalq səviyyədə tədbirlər, konfranslar, seminarlar və elmi toplantılar keçirilir.
Qonaqlara “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filmi də nümayiş olunub.
Ukraynalı uşaqlar və gənclər Qəbələ Arxeoloji Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.
Müxbir - Rasim İslamoğlu