Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
Qəbələ, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda “Açıq qapı” günü təşkil olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Direktor bildirib ki, hazırda Tarix-Bədii Qoruğunda “Açıq qapı” gününə hazırlıq işləri görülür. Həmin gün Qoruğa gələn ziyarətçilər üçün ödənişsiz olaraq Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstəriləcək. Ziyarətçilər Qoruğun tarixi məkanları - Antik şəhər yeri, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxacaq, Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda nümayiş olunan eksponatlarla tanış olacaqlar. Qoruq ərazisində yaradılmış xüsusi yerlərdə ziyarətçilərə dulusçuluq, oymaçılıq, arıçılıq peşələri barədə məlumat veriləcək, yerli sənətkarların gil və ağac materiallarından hazırladıqları əşyalar nümayiş etdiriləcək.
Zahir Kərimov bildirib ki, ziyarətçilər, eyni zamanda, Arxeoloji Mərkəzin sərgi salonunda 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar dahi şairin həyat və yaradıcılığına aid kitablarla, dövri mətbuatda dərc olunmuş məqalələrlə, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu ilə tanış olmaq və mütaliə etmək imkanı qazanacaqlar.
“Açıq qapı” günündə Qoruğun əməkdaşları və ziyarətçilər koronavirus pandemiyası ilə əlaqədar tələb olunan qaydalara ciddi şəkildə əməl edəcəklər.