Qəbələ rayonuna virtual tur təşkil edilib
Bakı, 16 iyun, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası bir sıra innovativ layihələr həyata keçirir. Layihələr sırasında yer alan “Vətənimizə virtual səyahət” izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Quba, Tovuz, Xızı, Ağsu, Siyəzən, Göyçay, Qax, Masallı, Şəmkir, Xaçmaz, Bərdə, İsmayıllı, Ucar kimi rayonlara və Gəncə, Şəki, Sumqayıt kimi şəhərlərə virtual turlar təşkil olunub. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də fəal iştirak edirlər.
Növbəti hazırlanmış videoçarxda təsvir edilən səyahət turistlərin diqqətini cəlb edən Qəbələ rayonunadır. İlk olaraq videoçarxda ərazisi bir şəhər, üç qəsəbə, altmış kənddən ibarət olan Qəbələ haqqında ümumi məlumat əks olunur.
Videoçarxda Qəbələ rayonunun təbiəti ilə bağlı məlumatlar və fotolar toplanıb. Şahdağ, Tufandağ, Savalan, Bazardüzü, Yalovludağ, Qafqaz dağı kimi əzəmətli, vüqarlı dağların, Həmzəli, Rus, Şabalıd, Qəmərvan, Durca kimi gözəl mənzərə yaradan meşələrin, Türyançay, Vəndam, Dəmiraparan, Həmzəli, Bum, Qaraçay, Tikanlıçay kimi göz oxşayan çayların, Çömçə, Şonqar, Mucuq, Yeddi gözəl, Kömrü kimi bulaq və şəlalələrin fotoları ahəngdar quruluşda nümayiş olunur.
Qəbələnin flora və faunası diqqəti cəlb edir. Videoçarxda güllərin, dərman bitkilərinin fotoları ilə yanaşı, heyvanların da siyahısı təqdim olunub və onların fotoları verilib.
Aquen kilsəsi, Alban məbədləri, Ustacan, Qədim Qəbələ qalasının bürc qalıqları kimi digər tarixi abidələr, İsmayıl bəy Qutqaşınlının ev-muzeyi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin fotoları da əks olunub.
Videoçarxda, həmçinin ziyarətgahların siyahısı verilib, tarixin müəyyən dövrlərində ad qazanmış görkəmli şəxsiyyətlər haqqında məlumat əks olunub. İzləyicilər üçün Qəbələnin ağac emalı, dulusçuluq, xalçaçılıq, rəssamlıq kimi tarixən inkişaf etmiş sənətkarlıq sahələri fotolarda və informasiya formasında toplanaraq verilib.
Qəbələ mətbəxinə aid üçqulaq, düyü, qoz, şabalıd halvaları, daşarası kabab kimi ləzzətlər də videoçarxda yer alır.
Videoçarxda müasir binalar və parklar, bununla yanaşı Qəbələ rayonunun iqtisadiyyatı ilə bağlı olan üzümçülük, baramaçılıq, tütünçülük, pambıqçılıq, meyvə şirələrinin istehsalı, fındıq emalı, şərabçılıq ilə bağlı fotolar da təqdim olunur.
Videoçarx Vaqif Yaquboğlunun ifa etdiyi “Qəbələ” mahnısı ilə müşayiət olunur.
Virtual səyahətləri “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və eyni adlı “YouTube” kanalından da izləmək olar.
Layihə mütəmadi olaraq davam edir.