Qəbələdə pandemiya ilə əlaqədar maarifləndirmə tədbirləri genişləndirilib
Qəbələ, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri tərəfindən əhali arasında maarifləndirmə tədbirləri davam etdirilir.
Mərkəzin direktoru Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ictimai maarifləndirmə tədbirləri zamanı rayon sakinlərinə koronavirus pandemiyasının ağır fəsadları barədə ətraflı məlumat verilir, onlara məlumatlandırıcı bukletlər, əlcək və tibbi maskalar paylanılır. Vətəndaşlara ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, fərdi qoruyucu vasitələrdən istifadənin vacibliyi bir daha xatırladılır, tövsiyə olunur. Sakinlərin diqqətinə çatdırılır ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən bütün bu tədbirlər insanların, cəmiyyətin sağlamlığının qorunması məqsədi daşıyır.