Qəbələdə qısamüddətli təlimləri uğurla bitirən keçmiş məcburi köçkünlərə sertifikatlar verilib
Bakı, 20 avqust, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçmiş məcburi köçkünlər üçün təşkil edilmiş növbəti qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən şəxslərə Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi dövlət nümunəli sertifikatlar verilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Tədbirdə qeyd olunub ki, Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı-mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisindəki keçmiş məcburi köçkünlər arasında aparılmış sorğulara əsasən müəyyən edilib.
Kursların müddəti təlim proqramlarına əsasən 3 ay olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 10 həftədə nəzəri biliklər əldə edərək istehsalat təlimində iştirak edir, sonuncu iki həftədə isə istehsalat təcrübəsinə cəlb olunurlar. Bu kurslar doğma yurdlarına qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
Təlimləri uğurla bitirən 84 keçmiş məcburi köçkündən 36 nəfəri artıq işlə təmin edilib.
Qeyd edək ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağda 8 peşə təhsili müəssisəsinin qurulması, o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.