Qəbələdə şəhid ailələri və Vətən müharibəsinin qaziləri diqqət və qayğı ilə əhatə olunublar
Qəbələ, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərimizin ailələri, eləcə də döyüşlər zamanı yaralanmış müharibə qaziləri ölkənin hər yerində olduğu kimi, Qəbələ rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri şəhid ailələrinin üzvlərini, müharibədə yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, qayğıları ilə maraqlanır, maddi və mənəvi dəstək olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri şəhid ailələrinə, döyüşlərdə yaralanmış qazilərə Novruz bayramı münasibətilə baş çəkib, onlarla həmsöhbət olub, ailələrə bayram sovqatı çatdırıblar.
Görüşlərdə vurğulanıb ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsidir. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir. Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən hər zaman uca tutulacaq.
Şəhidlərin ailə üzvləri, qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.