Qəbələdə uşaqlar üçün bayram tədbiri təşkil olunub
Qəbələ, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilib. Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan tədbirdə Qoruğun əməkdaşları, Çuxur Qəbələ kənd tam orta məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan məlumat verilib.
Qoruğun direktoru Zahir Kərimov bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il sevinclə qeyd etdiyimiz milli bayrama çevrilib. Bu tarixin rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc nəslin milli və vətənpərvər ruhda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, xaricdə yaşayan soydaşlarımızla birlik və həmrəyliyimizin artırılması böyük önəm daşıyır.
Vurğulanıb ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə yorulmadan çalışır. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir.
Tədbirin bədii hissəsində Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdləri çıxış edərək, birlik, həmrəylik, Vətənə, xalqa və Yeni ilə həsr olunmuş şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər.
Şagirdlərin çəkdikləri Yeni ilə həsr olunan rəsmləri qiymətləndirmək üçün kollektiv üzvlərindən münsiflər heyəti seçilərək, əl işlərinə baxış keçirilib. Qalib gələn məktəblilərə və digər iştirakçıların hər birinə Qoruq əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.
Daha sonra uşaqlar maraqla Yeni ilə həsr olunmuş cizgi filmini izləyiblər.