QƏDİM LİQO NOVRUZU XATIRLADIR
AZƏRTAC xəbər verir ki, Latviyada iyunun 24-nə keçən gecə latışların qədim gün dönümü bayramı qeyd olunmuşdur.
Liqo adlanan bu bayram bizim Novruz bayramına çox bənzəyir. Novruz günlərində ana-bacılarımız şəkərbura, paxlava bişirir, ev-eşiyi səliqəyə salır, bayram süfrələri açırlar. Liqonun ənənələri də belədir. Ancaq latışlar bu bayramı bərəkət Allahı Yanisin şərəfinə təşkil edirlər.
İnanclara görə Yan günü otlar xüsusilə şəfalı olur. Həmin gün qızlar gül- çiçək toplayır, palıd yarpaqlarından çələng düzəldir, evləri bəzəyirlər. Bayram axşamı insanlar meşədə ayıdöşəyi çiçəyi axtarır, çalıb-oxuyur, Novruz bayramında olduğu kimi, tonqalın üstündən tullanırlar.
Adətən, qonaqlara bayram payı kimi Yan pendiri və arpa pivəsi təklif olunur. Ancaq illər ötdükcə bayram süfrəsi də zənginləşir - qonaqları kababa da qonaq edirlər.
Köhnə Riqadakı məşhur Dom meydanında bayram günləri yarmarkalar keçirilir. Kiçik alaçıqlarda ot çayları, dərman bitkiləri, palıd çələngləri, pendir, bal, kənd çörəyi almaq mümkündür. Sənətkarlar oyuncaqlar, suvenirlər, çini qablar və sair təklif edirlər. Yarmarkada folklor ansamblları, xorlar, rəqs kollektivləri çıxış edirlər. Latviya Prezidentinin iqamətgahında isə konsert proqramları ilə yanaşı, orta əsr reseptləri əsasında hazırlanmış pendirlərin dequstasiyası təşkil olunur.
Şəhərdən kənarda istirahət etməyə üstünlük verən riqalılar Saulkrasta yola düşürlər. Abşeron çimərliklərindəki kimi qızıl qumu ilə məşhur olan Baltik dənizinin sahilində tanınmış pop və rok musiqiçilərinin iştirakı ilə böyük konsert olur.
Bir sözlə, Liqonu bayram edən Latviya son vaxtlar genişlənən əməkdaşlıq münasibətləri, birbaşa aviareyslər, iki ölkənin səfirliklərinin birgə fəaliyyəti sayəsində ona daha da yaxın olan Növruz bayramını qeyd edən Azərbaycanı xatırladır. Bu isə rəmzi məna daşıyır, çünki iki ölkənin qədim milli adət və ənənələrinin oxşarlığı qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq üçün yaxşı zəmindir.