Qərəzli bəyanatlar Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərir
Bakı, 5 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Azərbaycanın ABŞ ilə normal münasibətləri var. Bu münasibətlərin bundan sonra da inkişaf etdirilməsi ölkəmizin həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Lakin müxtəlif zamanlarda bu dövləti təmsil edən ayrı-ayrı insanlar Azərbaycandakı reallıqları təhrif edən bəyanatlar səsləndirirlər. Bu, ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərir.
Bu fikirləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycandakı real proseslərin üzərinə kölgə salmaq istəyən və bu proseslərin təhrif olunmuş şəkildə təqdimatından ibarət olan belə bəyanatlar cəmiyyətimiz tərəfindən kəskin şəkildə pislənilir. Digər tərəfdən, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biridir və bütövlükdə Azərbaycanın Birləşmiş Ştatlardan gözləntiləri içərisində münaqişənin ədalətli şəkildə və tezliklə həll olunması üçün daha böyük səylər göstərilməsi də var. ABŞ-ın Azərbaycana göndərilən yeni səfirindən də başlıca gözləntimiz odur ki, enerjisini bu məsələyə sərf etsin, Azərbaycanı tənqid etməyə yox. İkincisi, yeni səfir öz dövlətinə Azərbaycanla bağlı daha dəqiq, obyektiv, düzgün informasiyalar təqdim etsin ki, Birləşmiş Ştatların ayrı-ayrı dövlət nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər, bəyanatlar ədalətsizliyi, qeyri-obyektivliyi və informasiya qıtlığı ilə fərqlənməsin.