QƏSBKAR ERMƏNİLƏR İŞĞALÇILIQ SİYASƏTİ APARIRLAR
Bakı, 31 mart (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birlikdə 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbir keçirmişdir.
Foyedə soyqırımı ilə bağlı “Qan yaddaşımız” mövzusunda sərgi təşkil olunmuşdu.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev bildirmişdir ki, qəsbkar ermənilər bəd niyyətlərlə zaman-zaman torpaqlarımızda, o cümlədən 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda dəhşətli faciələr törətmiş, günahsız insanların qanlarını axıtmış, kənd və qəsəbələri, şəhərləri viran etmişlər.
Erməni terrorizminin bəşəriyyət üçün təhlükəli bəla olduğunu qeyd edən natiq bu böyük bəlanın qarşısının alınmasının vacibliyini vurğulamışdır.
Professor Həsən Mirzəyev, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov, Erməni Araşdırmaları Mərkəzinin direktoru Qafar Çaxmaqlı və digər çıxış edənlər də “Böyük Ermənistan” yaratmaq xülyası ilə işğalçılıq siyasəti aparan ermənilərin bu gün də öz çirkin niyyətlərindən əl çəkmədiklərini diqqətə çatdırmış, bu barədə dünya ictimaiyyətinə daha ətraflı informasiyalar verilməsinin zəruriliyini bildirmişlər.
Natiqlər düşmən işğalı altında qalan ərazilərimizin Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad olunacağına əminliklərini söyləmişlər.
Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı təşkil edilmiş rəsm müsabiqəsinin qaliblərinə mükafatlar verilmişdir.