Qətərdə cümə xütbəsi zamanı Xocalı faciəsinin qurbanları anılıb
Qahirə, 25 fevral, AZƏRTAC
Qətərin ən böyük Aişə bint Əbu Bəkr məscidində cümə xütbəsi zamanı Xocalı faciəsinin qurbanları anılıb.
AZƏRTAC xəbər verir ki, mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin Baş katibi və İslam aləminin tanınmış din xadimlərindən biri olan Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Xocalıda baş verənlər haqqında ictimaiyyəti məlumatlandırıb, soyqırımı qurbanları yad edilərək ruhlarına dua oxunub. Din xadimi xatırladıb ki, tarix boyu bir çox müsəlman xalqları zülm, haqsızlıq və qətliamlarla üzləşsə də, bəzən müsəlmanların baş verənlərə məsuliyyətsiz və laqeyd yanaşması bu faktların dünya ictimaiyyətinə çatdırılması və yetərli hüquqi qiymət almasına maneə törədib. O, nitqində müsəlmanlar əleyhinə hücumların bu gün də davam etdiyini qeyd edib, 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən əzəli Azərbaycan torpaqlarında müsəlman azərbaycanlılara qarşı törədilmiş qırğınlardan danışıb. Çoxlu sayda günahsız insanın qətlə yetirildiyini deyən baş katib əlavə edib ki, bu vəhşiliyi törədənlər indiyədək cəzasız qalıblar. O, ermənilərin 1992-ci ilin fevralın 26-da Xocalıda uşaq, qadın, yaşlı demədən 613 sivil insanı vəhşicəsinə qətlə yetirməsini insanlıq tarixində utancverici ləkə kimi qiymətləndirib.
Sonda bütün müsəlmanları həmrəyliyə səsləyən xətib, gələcəkdə bu cür faciələrin baş verməməsi üçün birlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə