“Qeybolma” filminin çəkilişlərinə başlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Mozg Media Group” tərəfindən istehsal olunan “Qeybolma” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, filmin quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Daniel Quliyev, ssenari müəllifləri Nərgiz Bağırzadə və Emin Əfəndiyev, prodüseri isə Zaur Mirzəzadədir. Ekran əsərində baş rolları Hikmət Rəhimov və Günəş Tegin canlandırırlar.
“Qeybolma” – bir qadının yoxa çıxması fonunda bir kişinin daxili dünyasının alt-üst olduğu, sükutun fəryada çevrildiyi sarsıdıcı bir ailə dramıdır.
35 yaşlı bank işçisi Fərhad üçün İlahənin yoxluğu sınağa çevrilir. Fərhad axtarışa çıxdıqca, həm İlahənin, həm də özünün bilinməyən tərəflərini kəşf etməyə başlayır.
Qeyd edək ki, “Qeybolma” layihəsi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən biridir. Filmin 2027-ci ildə tamamlanması gözlənilir.