CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin sədri Bərdədə vətəndaşları qəbul edib
![](/files/galleryphoto/2023/1/1200x630/16789697193572952761_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16789697193567717427_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16789697193859045111_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16789697195922251435_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/16789697191351462119_1200x630.jpeg)
Bakı, 16 mart, AZƏRTAC
Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 16-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi və onların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə əlaqədar olub. Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.