DÜNYA
Qırğızıstan-Tacikistan sərhədinin daha 38 kilometrlik hissəsi razılaşdırılıb
![Qırğızıstan-Tacikistan sərhədinin daha 38 kilometrlik hissəsi razılaşdırılıb](/files/2024/1/1200x630/17053935383453856249_1200x630.jpg)
Bakı, 16 yanvar, AZƏRTAC
Qırğızıstan və Tacikistan nümayəndələri arasında keçirilən növbəti görüşdə dövlət sərhədinin daha 38,35 kilometrlik hissəsinin müəyyənləşməsinə dair razılıq əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il yanvarın 10-dan 16-dək Qırğızıstanın Batken şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının növbəti iclası baş tutub. Tərəflər Qırğızıstan və Tacikistan dövlət sərhədinin 38,35 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.
Tərəflər Tacikistan ərazisində keçiriləcək növbəti görüşdə sərhədin qalan hissəsi üzərində işləri davam etdirəcəklər. Hazırda Qırğızıstanın Tacikistan istisna olmaqla, bütün qonşu ölkələrlə - Çin, Qazaxıstan və Özbəkistanla dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başa çatıb.
Qırğızıstan-Tacikistan dövlət sərhədinin uzunluğu təqribən 970 kilometrdir və indiyə qədər yüzlərlə kilometrlik hissə müəyyən edilməyib. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Vaxtilə sərhəd mübahisələri yerlərdə qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirib çıxarıb. Bu münaqişələr hər iki tərəfdən yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.