QIRĞIZISTANDA İÇƏRİSİNDƏ ƏCNƏBİ VƏTƏNDAŞLAR OLAN VERTOLYOT İTMİŞDİR
AZƏRTAC-ın müxbiri Bişkekdən xəbər verir ki, martın 15-də Qırğızıstanın cənub-şərqində içərisində 4 heyət üzvü və 22 ovçu, o cümlədən iki ABŞ vətəndaşı və bir kanadalı olan vertolyot itmişdir. Bunu ölkənin Fövqəladə Hallar Nazirliyi bildirmişdir. Vertolyot Mərkəzi Qırğızıstandakı dağlarda qar çovğununa düşmüş ovçuları xilas etmək üçün göndərilmişdi. Nazirliyin məlumatında deyilir ki, pilotlar Qırğızıstan-Çin sərhədindəki məntəqəyə enmək üçün icazə istəyəndən sonra vertolyot itmişdir.
Hava şəraiti pis olduğundan xilasetmə əməliyyatına başlamaq mümkün deyildir.
Ovçular Qırğızıstan dağlarına dağ keçisi, antilop, canavar və qırqovul ovlamaq üçün çıxırlar.