QIRĞIZISTANIN KANT ŞƏHƏRİNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLƏCƏKDİR
Bişkek, 9 yanvar (AZƏRTAC). Yanvarın 17-də Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcəkdir.
Tədbirdə Türkiyə, Qazaxıstan və Özbəkistanın Qırğızıstandakı səfirləri, Qırğızıstan parlamentinin deputatları, Kant rayonunun rəhbərləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər.
Mərasimdə 20 Yanvar faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər haqqında ətraflı məlumat veriləcəkdir.
Tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Fondun sifarişi ilə Bişkekdə rus və qırğız dillərində çap edilmiş “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” kitabı və əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, akademiyanın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun elmi redaktorluğu ilə institutun alimləri tərəfindən hazırlanmış, Bişkekdə rus və ingilis dilində nəşr olunmuş “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı mərasim iştirakçılarına paylanacaqdır.
Qeyd edək ki, “Ermənilərin Azərbaycan torpağındakı əməlləri haqqında tarixi faktlar” kitabı görkəmli tarixçi alim Yaqub Mahmudovun “Tarixin ən təhlükəli xülyası” sərlövhəli ön sözü ilə açılır. Kitabda XVIII əsrin ikinci yarısında Azərbaycanın İrəvan xanlığını əks etdirən xəritə və ölkəmizin müxtəlif əsrlərə aid digər xəritələri də verilmişdir.
Tarixi faktlarla zəngin olan bu kitablar Qırğızıstanın Milli Kitabxanasına, parlamentin üzvlərinə, ali təhsil ocaqlarına, dövlət və ictimai təşkilatlara, elmi dairələrə təqdim olunmuşdur.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunacaq, ehsan veriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek