“Qırmızı ulduz” ordenli Y.Podsolyonov: Azərbaycan Prezidenti İlham Əliyevi hər məsələdə dəstəkləyirəm
Kiyev, 10 aprel, AZƏRTAC
Neçə ildir ki, erməni separatçıları, muzdlu döyüşçülər və terrorçular Azərbaycan Respublikasını parçalamağa çalışır… Bu günlərdə erməni tərəfi Dağlıq Qarabağda atəşkəs rejimini yenidən pozub.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin istefada olan polkovniki Yevgeni Podsolyonov deyib.
“Qırmızı ulduz” ordenli, Əfqanıstanda döyüş əməliyyatlarının iştirakçısı olmuş Y.Podsolyonov Azərbaycanda, Bakıda doğulub, burada boya-başa çatıb.
Zabit həmyerlimiz deyir: “Mən Azərbaycan Respublikasının taleyinə laqeyd qala bilmərəm. Mənim valideynlərim Bakıda dəfn edilib, bacım, onun oğlanları və onların ailələri indi də mənim tarixi Vətənimin paytaxtında yaşayırlar”.
Yevgeni İvanoviç daha sonra bildirib ki, əgər lazım gəlsə, biz azərbaycanlılar, - beynəlmiləl Azərbaycanda yaşayan çoxsaylı millətlərin nümayəndələri, - hamımız bir nəfər kimi, necə deyərlər, silaha sarsılaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlimizdən gələni etməyə hazırıq.
Əslən Azərbaycandan olan zabit Yevgeni Podsolyonov söhbətini bu sözlərlə tamamlayıb: “Mən və bacım oğlanları Vətənimin ilk çağırışında Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsinə qalxacağıq. Mən bakılı olmağımla fəxr edirəm və bakılı olaraq da qalacam. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevi hər məsələdə dəstəkləyirəm! Qəti əminəm ki, Prezident İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusu düşmənin üzərində tam qələbəni qazanmağa və onu sarsıtmağa qadirdir!”
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev