Qlobal bazarlarda Yaxın Şərqlə bağlı gərginlik davam edir
Bakı, 20 oktyabr, AZƏRTAC
Qlobal maliyyə və əmtəə bazarlarında Yaxın Şərqlə bağlı gərginlik davam edir.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Ceromi Pauel hazırkı vəziyyətlə bağlı Nyu-York İqtisadiyyat Klubunda etdiyi çıxışında qlobal iqtisadi vəziyyətin yaxşılaşması üçün faizlərin artırılmasının lazım olacağını bildirib. Onun bu çıxışının ardından ABŞ-ın 2 illik təhvil gəlirləri azalıb.
Ekspertlər bildirirlər ki, oktyabrın 20-də səhmlərin dəyərindəki azalmanın və neftin qiymətinin artmasının davam etməsi mənfi tendensiyanın davamlı olacağını göstərir. Belə ki, MSCI Asiya-Sakit okeanı İndeksində kəskin azalma ən mənfi həftəlik göstərici olub. Çinin səhmləri, o cümlədən Pekinin daxili bazara rekord məbləğdə qısamüddətli nağd pul buraxması əvvəlki maliyyə itkilərinin qarşısını alıb. Yaponiya və Honkonq birjalarında da həftəlik nisbi azalma müşahidə olunub. Oktyabrın 19-da 0,9 faizlik azalma ilə yekunlaşan “Wall Street” indekslərində də müddətli alqı-satqıda itkilər davam edib.
Eyni zamanda, “Bloomberg”in dollar indeksi 0,14 faiz azalıb. Yaxın Şərqdə müharibənin təsiri ilə artan xam neft qiymətlərində artımın gələn həftə də davam edəcəyi gözlənilir. Artıq dörd gün ardıcıl olaraq “Brent” markalı neftin qiymətlərinin artması oktyabrın 20-də bir barel üçün 93,16 dollarla yekunlaşıb.
FED-in rəhbəri qeyd edib ki, faiz dərəcələri sabit qalır, amma iqtisadi artımın əlamətlərinin görünməsi fonunda onların yüksəlməsi zəruri ola bilər. Onun sözlərinə görə, səhmlərin təhvil gəlirlərinin artması bunun qarşısını ala bilər. “Gələcək qərarlar qeyri-müəyyənlik, risklər və inkişafın miqyasını nəzərə alaraq, maliyyə bazarlarında tarazlığın təmin edilməsi məqsədilə qəbul ediləcək. Sərt maliyyə siyasətinin də nə qədər davam edəcəyi bu amillərdən asılıdır”, - deyə Pauel bildirib.
Onun çıxışını şərh edən “Macropolicy Perspectives LLC”-nin ortağı Laura Rosner noyabr ayında faiz dərəcələrinin dəyişməyəcəyini bildirib. O əlavə edib ki, bu ilin dördüncü rübündə qlobal iqtisadi gərginlik nisbətən azala bilər.