MƏDƏNİYYƏT
Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub
Qobustan, 2 noyabr, F.Əlizadə, AZƏRTAC
Noyabrın 2-də tələbələrin iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılara qoruq haqqında ümumi məlumat verilib. Sonra qoruq ərazisində yerləşən muzeylə tanışlıq olub.
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov AZƏRTAC-ın müxbirinə bildirib ki, abidələr keçmişimizin və gələcəyimizin bələdçiləridir: “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Onları qorumaq hər kəsin borcudur. Mən çox şadam ki, gənclər qədim abidələrimizə böyük maraq göstərirlər”.
"Mədəni irsini qoru" layihəsinin icraçısı Rza Ələkbərzadə isə qeyd edib ki, layihə çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Mərdəkan və Ramana qalaları, Pir Hüseyn xanəgahı və açıq səma altında olan digər muzeylərə 40-a yaxın universitet tələbələrinin iştirakı ilə müxtəlif infoturların keçirilməsi nəzərdə tutulur.
Layihənin məqsədindən söhbət açan R.Ələkbərzadə deyib: “Məqsəd ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktik biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaqdır. Layihənin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə əməkdaşlıq nəticəsində cari ilin noyabr ayından etibarən ilin müxtəlif dövrlərində davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “CreArt” mədəniyyət klubunun sədri Nəzrin Heydərova bildirib ki, tədbir mədəni irsimizi dünyaya tanıtmaq üçün əhəmiyyətli vasitədir. “Qobustan qaya rəsmləri Azərbaycanın qədim mədəni irsinin və tarixi zənginliyinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin formalaşmasında böyük rol oynayıb. Qobustanın tarixi irsini qoruyub saxlamaq və bu zənginliyi gələcək nəsillərə ötürmək bizim vəzifəmizdir. İstərdim ki, bu tip layihələr daha çox keçirilsin və ölkə gənclərinə “Mədəni irsini qoru” şüarı aydın şəkildə aşılansın”,- deyə o əlavə edib.
İnfotur iştirakçıları Qobustan abidələri ilə yaxından tanış olduqdan sonra, Qoruqdan xoş təəssüratlarla ayrılıblar.